Gəncə məhəllələrinin fərqli hekayələri…

Deyilənə görə vaxtilə Gəncədə 100-dən artıq məhəllə olub. Hər birinin öz unikal adı olan bu məhəllələrdən bəziləri bu günümüzə də gəlib çatıb. Qədim məhəllələrin çoxu adını orada yaşayan sənətkarlardan alıb. Məsələn, Aşıqlar məhəlləsi kimi…Bu məhəllə indiki Mikayıl Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Şərəfxanlı küçəsinin kəsişməsində qurtarır. Burada Aşıq İbrahim, Aşıq Qara, Aşıq Zeynal, Aşıq Ağarza kimi məşhur saz ustadları yaşayıb. Ancaq məhəllə bu adı almazdan əvvəl iki fərqli adla anılıb.

Namlet Allahverdiyev AMEA-nın Gəncə Bölməsinin elmi işçisi, tarixçi: “O küçə Ziyadoğullarının yaşadığı İç qala ərazisinə daxil olanda ora Qala deyilirdi. Sonra 1895-ci ildə orada Çar Rusiyası bir həbsxana tikdi. O həbsxana da həmin Qala ərazisində olduğu üçün yenə də bu məhəllə Qala adlandırıldı. Sonra bura Toğanadan aşıqlar gəldi, ona görə də bir müddət Toğana deyildi”.

 Məhəllənin yaşlı  sakinləri bu gün də o sazlı-sözlü aşıqları xatırlayırlar.

 Aydın Mahmudov “Aşıqlar” məhəlləsinin sakini: “6-7 aşıq olub burada, hamısı da yaxşı çalıblar. Qaraçı oğlu Aşıq İbrahim, Aşıq Murad, Aşıq Zeynal, Aşıq Həsən”.

Qaraçı oğlu Aşıq İbrahim, əslində isə Qaraca oğlan İbrahim bu evdə yaşayıb-yaradıb. Aşığın özünün  və oğlunun gəlinləri deyirlər ki, bu küçədə yaşayan aşıqların əksəriyyəti onun şagirdi olublar. 110 yaşında vəfat edən Aşıq İbrahimin 1929-cu ildə 1000 manat qızıl pula aldığı sazını gəlinləri bu gün də göz bəbəyi kimi qoruyurlar.

Zemfira Əliyeva Aşıq İbrahimin gəlini: Elə məclislər qurulurdu ki, dastanlar başlayanda barmağını kəssən xəbərin olmazdı. Elə olub ki, qayınatam Aşıq İbrahim neçə aşığın sazını əlindən alıb. Deyişmə ilə ona üstün gəlib. Aşıq Ələsgərlə bir yerdə Xoşbulaqda Dəli Alının oğlunun məclisini edib”.

Məxmər Hacıyeva Aşıq İbrahimin gəlini: O, oxumayıb, savadı olmayıb, amma gözəl şeirlər yazıb. Hər şair oxumadan elə qafiyə yaza bilməzdi”.

 Şahsevənlər məhəlləsinə bu günkü Mikayıl Müşfiq, Ordubadi küçəsinin bir hissəsi, Şahsevənlər, Cavad Xan və Nizami prospektinin bəzi dalanları daxildir.  Gəncə şəhərinin qərb hissəsində 17-ci əsrdə salınıb. Şah İsmayılın hakimiyyəti illərində ona ən sadiq olan əsgərlərinə “Şahsevənlər” deyərlərmiş. 16-17-ci əsrlərdə Şahsevənlər müxtəlif tayfa üzvləri olub I Şah Abbasa xidmət edirdilər. Elə həmin şahın dövründə Gəncə-Qarabağ bəylərbəyi ərazisinə köçürülür. Ağcabədi, Şuşa, Gəncə və Beyləqanda məskunlaşırlar.

 1870-1875-ci illərdə  məhəllə sakinləri öz hesablarına məscid inşa etdirdilər. Şahsevənlər adı verilən bu məsciddə qadınlar üçün giriş qərbdən, kişilər üçünsə şimaldan idi. Məscidin damına qalxıb azan vermək üçün günbatan tərəfdə bu pilləkənlər inşa olunmuşdu.

Mahrasa bağı isə Gəncənin ən böyük məhəlləsi hesab edilir. Ərazisi Quzeydən Cəfər Cabbarlı, günçıxandan Təbriz, Güneydən Cavad bəy Rəfibəyli, günbatandan Rustaveli və Eminbəyli küçələri ilə əhatə olunub. Mahrasa bağının əvvəllər Mədrəsə bağı adlandırıldığını iddia edənlər də var. Mədrəsə isə üzüm sortunun adıdır. 1932-ci ildən sonra Mahrasa bağı Stalin adına kolxozun əkin yeri olub. Həmin dövrdə orada üzüm bağı salınıb. Ancaq Mahsara sözününün mənbəyinə nəzər yetirsək, onun ay evi anlamını verən Mahsaray sözündən yarandığını güman etmək olar. Bu fikri Aya sitayiş edənlərin tarixən Azərbaycanın bir çox şəhərlərində yaşaması da sübut edir. Onlar hündür yerlərdə məbəd tikərdilər və orada olan kahinlər dolanışıqlarını meyvə bağlarından çıxarardılar.

Namlet Allahverdiyev AMEA-nın Gəncə Bölməsinin elmi işçisi, tarixçi: Bu günkü gün o məbədin harada yerləşməsi bilinmir. Amma məbədin bağ yeri məlumdur. Mah sözü irandilli xalqlarda aydır. Mahsaray, yəni ay evi. O ay evi məbədinin bağ yeri həmin o mahsaray adlandırdığımız ərazidir”.

 Gəncənin daha bir məşhur məhəlləsi Şahsevənlər məhəlləsinin şimal-qərbində yerləşən Qaraçılar məhəlləsidir. Tarixçi Namlet  Allahverdiyev “Gəncə  Məhəllələri” adlı kitabında yazır ki, 1952-ci ildə  SSRİ Ali Sovetinin sədri Voroşilov səyyar həyat tərzi keçirən qaraçıların oturaq həyat qurması, fabrik və zavodlarda işləməsi üçün onlara maddi yardımın ayrılması və torpaq sahələrinin ayrılması haqqında qərar verdi. Verilmiş qərarı həyata keçirmək məqsədilə Azərbaycanın hər yerində, o cümlədən Gəncənin şimal-qərbində boş torpaq sahələri onlar üçün ayrıldı və yeni küçələr salındı.  Beləliklə Qaraçılar Gəncənin Aslanbəy Safikürdlü küçəsinin və Nizami Gəncəvi prospektinin  müxtəlif dölmələrində məskunlaşdılar. 50-ci illərdən sonra Samuxdan Gəncəyə köçən Muxək Binnətov bu məhəllə haqqında belə xatırlayır.

Muxək Binnətov Gəncə sakini: “Biz soruşurduq ki, burada kimlər yaşayır. Deyirdilər ki, bir tərəf Şahsevənlərdi, bu tərəf isə Qarçılar. Onların əksəriyyəti məskunlaşdılar burada, heç getmədilər. Ailə qurdular, ev aldılar”.

Deyilənə görə, keçmişdə qaraçı kişilər heç yerdə işləməzdilər. Xoruz döyüşdürər, it dalaşdırar, ayı oynadardılar. Pullarını da elə bu yolla qazanardılar. Ailəni isə əsasən qadınlar dolandırardılar – falçılıq, çöpçülük, sınıqçılıqla… İndi məhəllə sakinlərinin əksəriyyəti qaraçı olmadıqlarını, bu sözün başqa tarixi olduğunu bildirirlər. Töhfə Kərimova deyir ki, babası və nənəsi Gəncəyə İrəvandan, erməni zülmündən qurtulmaq üçün gəliblər.  Qadınlar isə falçılıq, çöpçülük, sınıqçılıq və tikə ötürməklə ailə dolandırardılar.

Töhfə Kərimova “Qaraçılar” məhəlləsinin sakini: “Gəliblər, burada çadır qurub, ilanların olduğu bu düzənlikdə bir neçə ailə yaşayıblar.  O zamandan buranın adı qalıb Qaraçılar. Yəni qaraçılara heç bir aidiyyatı yoxdur. Sadəcə onlar əşyasız, heç nələri olmadan çadırlarda qaraçı kimi bir müddət həyat keçiriblər. Özlərini dirçəldənə qədər belə yaşayıblar”.

 Adını çəkdiyimiz çöpçülük, tikə ötürmək kimi məşğuliyyətlər məhəllə sakinləri tərəfindən bu gün də yaşadılır.

Töhfə Kərimova “Qaraçılar” məhəlləsinin sakini:  “Tək çöpçü, tikəçi deyil, sınığa, çıxığa da baxırıq, göbək salırıq. Mürəciət edəndə biz öz bacardığımızı edirik”.

Məhəllənin tarixi isə yüzilliklərlə ölçülür. Bunu ərazidəki bəzi abidələr də sübut edir.

 1804-cü ildə ruslar Gəncəni işğal edəndən sonra Qaraçılar məhəlləsində kiçik bir kilsə tikilir. Qarşısında dayandığımız bu tikilinin yaşı 200 ildən çoxdur. Həmin illərdə bu kilsənin ətrafında qəbiristanlıq da salınmışdı. 1906-cı ildə ləğv edilən məzarlıqdan bu günümüzə yalnız bu baş daşı qalıb.

 Burada yaşayanlar qazıntı işləri zamanı ərazidən insan sümükləri tapıldığını deyirlər. Ancaq indi onları tikilinin tarixindən çox, onun qəzalı vəziyyətdə olması narahat edir.

Aidə Mustafayeva Gəncə sakini: “15 ildir ki, burada yaşayırıq. Mən gələndən buranı belə görmüşəm. Uşaqlar orada oynayanda qorxuruq ki, nə isə olacaq. Çünki külək olanda, yağış yağanda daşları uçub tökülür”.

 Qədimliyi ilə seçilən məhəllələrdən biri də Tuğçulardır. Yəni el dilində desək, Toyuqçular. Əslində məhəllənin adı Toyuqçular deyil. Çünki toyuq saxlamaq hər bir məhəllədə olub və məhəllənin adını bununla bağlamaq olmaz. Toyuqçu Tuğ sözünün  Tuyuqçu, Toyuqçu şəklinə düşməsindən yaranıb. Tuğ 18-ci əsrədək türk dövlətlərində  qədim dövlət rəmzi kimi tanınırdı. Bu dövlət rəmzinin Gəncə ilə əlaqəsi isə 1588-ci ilin may ayında Osmanlı sultanının Gəncədə qala tikdirməsi ilə əlaqədardır.

Namlet Allahverdiyev AMEA-nın Gəncə Bölməsinin elmi işçisi, tarixçi: “Fərhad paşa qala tikdirir. Qalanın ətrafında 5 min türk əsgəri keşik çəkirdilər. Orada hərbi düşərgə salınmışdı. Həmin yerdə hərbi hissənin tuğu saxlanılırdı”.

 Güman edilir ki, döyüşdə qəhrəmanlıq göstərən əsgər, “tuğçu” bu məhəllədə yaşayıb. Elə onun şərəfinə də məhəllə Tuğçu adlanıb. Bu məhəllə Nizami prospektinin Atatürk prospekti ilə kəsişməsindən başlayıb, Şəddadilər küçəsi ilə kəsişməsində qurtarır. 1916-cı ilin məlumatlarına görə, məhəllədə 960 ailə olub. Məhəllə sakinləri papaqçılıq, dərzilik, tacirlik kimi sənətlərlə məşğul olublar. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ziyalılar məhəlləsi kimi tanınıb.

Vağzalaltı Məhəlləsi və ya əhalinin Dəmiryolunun altı adlandırdığı məhəllə Bakı-Tiflis dəmiryolu xəttinin sağ hissəsində yerləşir. Burada yaşayanların əksəriyyəti Qərbi Azərbaycandan gələnlərdir. 1905-1906-cı illərdə ermənilər İrəvan mahalında müsəlmanlara qarşı qırğınlar törədəndə əlacsız qalan insanlar Gəncəyə pənah gətirdilər. “Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti” gələnlərin dəmiryolu vağzalının altındakı ərazidə yerləşməsinə kömək etdi. Daha sonra 1918-1920-ci illərdə, həmçinin ikinci dünya müharibəsi illərində Qərbi Azərbaycandan gələnlərin əksəriyyəti də burada məskunlaşdılar. Məhəllədə su olmadığı üçün sakinlər suyu dəmir yolundan gətirirdilər. Bunun üçün ərazidə dayanan qatarların altından keçmək lazım idi. Bu da bəzən insanların həyatı bahasına başa gəlirdi.

İmran Qasımov kimya üzrə fəlsəfə doktoru, məhəllə sakini: Mənim ana babam Məşhədi Həsən o vaxtkı partiya rəhbərlərindən təkidlə tələb edir ki, dəmiryolunun altında məskunlaşan qaçqınların vəziyyəti çox ağırdır. Hətta adi bir körpü də yoxdur ki, qız-gəlin oradan keçsin. Qatarların altından keçmək də faciə ilə nəticələnir. Deyir ki, indi bəzi sovet idarələrinə gedib şikayət bildirəndə özlərini çarın jandarm idarəsi kimi aparırlar. Xalqın taleyi ilə maraqlanmırlar, biganəlik göstərirlər”.

 Elə bu sözün üstündə məhəllə sakini Məşhədi Həsən Özbəkistana iki illik sürgünə göndərilir. Ağır şərtlər altında orada da dünyasını dəyişir. Vağzalla məhəllə arasında körpü isə nəhayət ki, 1950-ci ildə tikilir. 66 ildir sakinlərin istifadə etdiyi bu keçid indi demək olar ki, həm də keçmişimizlə bu günümüz arasında bir körpüdür.

Əslində isə bu qədim məhəllələrin hər biri körpüdür. Milli özünüdərk duyğularımızı, mənəvi dəyərlərimizi bu günümüzə gətirən körpülər. Keçmişimizlə, kökümüzlə əlaqəni itirməmək üçün bu qədim küçələri, köhnə məhəllələri qorumalıyıq. Qorumalıyıq ki, tariximizə, kökümüzə söykənərək gələcəyə inamla gedə bilək.

 

Ruhəngiz Hacızadə

 

Bu yazı Umumi kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın