Əlilliyi olan Fatmanın həyat əzmi…

Əlilliyi olan insanlara münasibət cəmiyyətin aynasıdır. Belə insanların cəmiyyətə inteqrasiyası üçün müəyyən çətinliklər mövcud olsa da, bu çətinliyi iradəsinin gücü ilə keçə bilən insanlarımız da var. Əlilliyi olan Fatma Babayevanın qarşısındakı əngəllərə baxmayaraq öz ayaqları üzərində durmağı necə bacardığına nəzər salaq.

Yaqubovlar ailəsi Fatmanı Gəncədəki uşaq evində tanıyıb. 1999-cu ildə bu ailə iki övladı olmasına baxmayaraq I qrup əlilliyi olan Fatmanı qəyyumluğa götürüb. Ona illərdir analıq edən Yeganə Yaqubova deyir ki, Fatma uşaqlıqdan bacarıqlı olub. Hörgü işlərinə, tikməyə həvəs göstərib. Bunlarla yanaşı təhsil almaqdan da geri qalmayıb.

Yeganə Yaqubova- Fatmanın anası: “Fatma xalçaçılıq, kompyuter kursu, ingilis dili kursu, həm də məktəbə gedirdi. Əvvəllər çox çətin idi. Ancaq sonradan öyrəşdi. Şükür Allaha ki, oxuyub bitirdi, diplomu var. Keçən il biz Quba xalçası toxuyub satdıq. Fatma toxumağı mənə də öyrətdi. Çox əziyyətli işdir”.

Təəssüf ki, bizim Fatma və Yeganə xanımın toxuduğu xalçanı görmək şansımız olmadı. Çünki xalça Amerika vətəndaşına satılıb. Ona görə də rəsmlərinə baxmaqla kifayətlənməli olduq. Xalçanın gözəlliyi, ona sərf edilən əmək rəsmdən də bəlli olurdu. Fatmanın xalçanın ilmələrini, naxışların mənasını həvəslə izah etməsindən bu sənətin onun həyatındakı rolunu anlamaq olur. O, özü də qeyd edir ki, xalça toxumaq həyatının bir hissəsidir.

Fatma Babayeva– I qrup əlilliyi olan şəxs: “Fikirləşdim ki, kompyuter, ingilis dili hərəkətli işdir. Həm də kompyuter üçün getdiyim işdə staj istədilər. Ancaq işləmədən staj yığa bilməzdim. Mən də xalçaçılığa üstünlük verdim. Şal, şərf, papaq, papış, çanta toxuyuram. Elə olub ki, xalçalarımın üçünü birdən alıblar. Hətta mənim dediyim qiymətdən də artıq pul veriblər. Çünki görüblər ki, onu toxumaq necə çətindir. Ancaq çox adam bu əziyyəti bilmir deyə, ucuz satmağımı istəyir”.

Sağlamlığıma qovuşmaq ən böyük arzumdur, – deyir Fatma. Ümidlidir, çünki vaxtı ilə xalçaçılıq sənətinə yiyələnməyi də arzulayıb və nail olub. O, əlilliyi olan digər insanlara da maraqlandığı sənətlə məşğul olmağı məsləhət görür. Bildirir ki, belə insanlar sənət sahibi olduqda, işlədikdə cəmiyyətə daha tez uyğunlaşır.

Fatma Babayeva- I qrup əlilliyi olan şəxs: “Əlil olduqlarına görə çoxlarının hansısa işlə məşğul olmağa həvəsi olmur. Fikirləşirlər ki, işləmək onlara lazım deyil. Onlara məsləhət görərdim ki, öyrənsinlər, çox maraqlıdı. İşləmək onlar üçün çox yaxşı olacaq. Əvvəllər fikirləşirdim ki, ayağım nə vaxt düzələcək. Həmişə fikirləşirdim ki, çətin olacaq, düzəlməyəcək. Ancaq xalça toxuyanda pis heç nə fikirləşə bilmirəm, düşünürəm ki, hər şey yaxşı olacaq”.

Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir. Həqiqətən də insan əzmi sayəsində imkanlara məhdudiyyət olmadığını bütün dünyaya sübut etməyə qadirdir.
Fatmanın vaxtı ilə dərs aldığı, yeni dostlar qazandığı Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinə yollanırıq. Gedərkən onun qoltuqağacları ilə daşlı-kəsəkli yolları necə çətinliklə keçdiyini, ən kiçik maneədə yıxıla biləcəyi düşünürəm. Düşündükcə bir daha anlayıram ki, həqiqətən də güclü olmaq üçün insanın çətinliklə üzləşməsi lazımdır. Yalnız bu çətinliklərdən doğan iradə sayəsində insan həyatda özünəməxsus yer tuta bilər. Belə bir məsəl var: Qaranlıqdan şikayətlənməkdənsə, bir şam yandır! Kursda Fatmanın digər əl işlərini, əlilliyi olan başqa xanımların bacarıqlarını gördükcə, bu insanların həyatın qaranlığına inad olaraq daim şam yandırdıqları aydın olur.

Ülkər Əsgərova- I qrup əlilliyi olan şəxs: “Veb sayt yığmağı öyrənmişəm. Bu günə kimi bir neçə sayt yığmışam. Bəhrəsini də görürəm. Müəyyən çətinliklərim olsa da, öz üzərimdə işləyirəm və çalışıram ki, irəliyə doğru gedim”.

Əfsanə Tağıyeva– II qrup əlilliyi olan şəxs: “Yeni toxuyanda çətinlik çəkirdim, ancaq öyrəndikdən sonra asan gəldi. Əməyimin bəhrəsini də görə bilirəm. Bəzi yerlərdə satışa da çıxarmışıq, alıcılar olur. Ancaq mən istərdim ki, yalnız bir yerdə yox, müxtəlif yerlərdə sata bilək”.

Cəmiyyətin sədri Elmira İsmayılova bildirir ki, qarşıya qoyulan əsas məqsəd bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək və onları ələbaxımlılıq psixologiyasından uzaqlaşdırmaqdır.

Elmira İsmayılova– Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinin sədri: “Üzvlərimizlə qürur duyuram. Çünki onlar hər zaman öz üzərlərində işləyirlər. Həyatda öz yerlərini tapa bilirlər. Bəzən elə olur ki, heç bir əlilliyi olmayan insanlar həyatda nə edəcəklərini bilmir və kimdənsə asılı olaraq qalır. Ancaq üzvlərimiz arasında bir çox qızlarımız var ki, onlar artıq özlərinin maliyyə problemlərini həll edə bilir və cəmiyyətə inteqrasiya olunur”.

Qeyd edək ki, hazırda cəmiyyətin 3200 nəfər üzvü var. Onların əksəriyyəti cəmiyyətin nəzdində yaradılan peşə hazırlıq kurslarında müxtəlif sahələr üzrə dərs alırlar. Vaxtlarının səmərəli keçməsi üçün hətta şahmat yarışları da təşkil edirlər.
Toxum torpağa, əlilliyi olan insanlar cəmiyyətə əmanətdir. Bu əmanəti isə yalnız onlara dəstək olmaqla qoruya bilərik.

Ruhəngiz Hacıyeva
(http://www.kepeztv.az/?q=xebeler/əlilliyi-olan-gənc-qızın-həyat-əzmi)

Bu yazı Qadinlar kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın